Kənizdağ-Torağay-Cingirdağ səfəri

2

Budəfəki səyahətimiz ani bir qərarın nəticəsində baş tutdu. Bir gün əvvəl səyyah dostum Üzeyir Mikayılovla qısa söhbətdən sonra razılaşıb plan hazırladıq və görüş yerini təyin etdik. Səhər 10 radə­lərində 20-ci sahə dairəsindən 195 nömrəli Ələt avtobusuna əy­ləşib yola çıxdıq.

Səngəçal qəsəbəsini keçdik. Kənizdağ palçıq vulkanı yoldan bir neçə kilometr aralıda görünürdü. Yolun kənarında avtobusdan düşdük. Bu əzəmətli görünüşə malik palçıq vulkanı artıq görüş da­irəmizdə idi. Yürüş başlandı. Yolumuz boyunca ara-sıra kiçik kol bitkiləri gözə dəyirdi. Susuzluqdan cadar-cadar olmuş torpağa sanki insan əli ilə naxışlar vurulmuşdu. Tipik yarımsəhra landşaftının xarakterik nümunəsi…

Düzənliyi keçib əvvəlcə kiçik təpəyə çıxdıq. Kənizdağa, de­mək olar ki, bitişik olan bu yüksəklik adını bilmədiyimiz başqa bir palçıq vulkanı idi. Üstünü və ətrafını yeni püskürmüş brekçiya tə­bəqəsi örtmüşdü. Fəaliyyətdə olan xeyli sayda kiçik qrifonlar da gö­zə dəyirdi.

Kənizdağın ətəyindəki kiçik mağara diqqətimizi çəkdi. Yağış sularının torpağın alt qatını yuması nəticəsində əmələgəlmiş mağa­ranın ağız hissəsi bir qədər geniş olsa da, iç tərəfdə getdikcə daralır və ensizləşirdi.

Mağaranın yanından keçib palçıq vulkanının cənub-şərq ya­macı ilə zirvəyə doğru qalxmağa başladıq. Relyef burada xeyli mü­rəkkəbləşmişdi. Belə ki, palçıq vulkanının səthə çıxartdığı brekçiya qatı adətən yuyulmaya davamsız olur. Buna görə də zaman keçdikcə yağış suları onun yamaclarını yuyub müxtəlif dərinlikli və ölçülü yarğanlar əmələ gətirir. Qalxdığımız yamac eynilə belə dərin yar­ğanlarla kəsilmişdi. Bu isə hərəkətimizə, qismən də olsa, maneəçilik yaradırdı. Çətinliyə baxmayaraq, zrivəyə – kraterə çata bildik. Kra­terin forması dairəvi şəkildə hamar relyefə malik olub, səthi püskür­mə materialları ilə örtülmüşdü. Diametri təxminən 400 m olan kra­terdə yalnız bir neçə kiçik konus şəklində aktiv qrifon görü­nürdü. Onların üzərində yaş palçığın olması bu aktivliyi sübut et­məklə, vulkanın fəaliyyətdə olmasının göstəricisi idi.

Saatımız 16:00-ı göstərirdi. Acmışdıq, nahar etdik. Torağay palçıq vulkanı istiqamətində yola düşmək lazım idi. Kənizdağın şi­mal-qərb yamacı ilə aşağı enməyə başladıq. Buranın təbiətində cə­nub və şərq yamaclarına nisbətən bir qədər həyat vardı. Yaşıl otlar və kolluqlar yamaca rəngarənglik verirdi.

Düzənliyə çıxsaq da, yolumuzu kəsən yarğanları keçmək məcburiyyətində qalırdıq. Hər dəfə yarğanların içinə düşmək və ye­nidən çıxmaq lazım gəlirdi. Bu isə yolumuzu bir qədər də uzadırdı. Bəzən qurumuş otların arasına girir, heç bir qorxu hiss etmədən irə­liləyirdik.

Qeyd etmək yerinə düşər deyim ki, belə ərazilərdə insanın ilanla qarşılaşması təbii hal sayılır. Tezliklə biz də belə bir təhlükə ilə  qarşılaşdıq. Bir az getmişdik ki, qəflətən iri bir ilana rast gəldik. Gürzə idi. Günün istisində otların arasında qıvrılıb yatmışdı. Düz üstünə gedirdik. Ani bir ehtiyatsızlıq faciə ilə nəticələnə bilərdi. İlan başını dik qaldırıb fısıldadı və hücum vəziyyətini aldı. Bu, ilanın özünümüdafiə mövqeyinə keçməsinə işarə idi. Qorxu, deyəsən, bizə də güc gəldi. Cəld geri dönüb oradan uzaqlaşdıq. Bu ana qədər ilan təhlükəsini o qədər ciddi hesab etməsək də, bu hadisədən sonra diqqətimizi birə on artırdıq. Addımımızı qoyacağımız hər yeri eh­tiyatla nəzərdən keçirirdik. Bəzən otluq sıx olan yerlərdə ehtimal olunan sürünənləri qorxutmaq üçün səs salır, əl çalırdıq. Yolumu­zun üstündə daha bir neçə dəfə ilanla qarşılaşdıq. Lakin onlar öz­lərini olduqca sakit aparır və heç bir təhlükə törətmədən bizi görən kimi uzaqlaşıb gedirdilər.

18:00-da Torağay palçıq vulkanının ətəyinə çatdıq. Kənizdağ­dan bura qədər təxminən 7 kilometr yol gəlmişdik. Yorğun idik. Bir qədər dincimizi aldıqdan sonra dağın cənub-şərq yamacı ilə zirvəyə doğru qalxmağa başladıq. Vulkanın ən dik yamacları da elə bu isti­qamətdə olub, dərin yarğanlarla kəsilmişdi. Belə yarğanların birində tülküyə də rast gəldik. Biçarə heyvan öz ərazisində insan görüncə, yəqin ki, çox təəcüblənmişdi. Bizi görən kimi sürətlə qaçıb gözdən itdi.

Torağayın zirvəzinə saat 20:00-da çatdıq. Vulkanın böyük krateri var. Diametri 500 m-dən də artıq olardı. Hamar səthə malik kraterin kənarlarında bir neçə kiçik gölməçə də görünürdü. Kəniz­dağda olduğu kimi, burada da 3-4 fəaliyyədə olan qrifon gözə də­yirdi. Məlumata görə, Torağayda axırıncı dəfə püskürmə 1988-ci il­də baş vermişdir. Uzun müddətdir püskürmə olmadığına görə kra­terin üzərində kiçik kol bitkiləri, bəzi yerlərdə isə yulğunlar əmələ gəlmişdi. Kraterin kənarında, dağın ən yüksək hissəsində dördayaqlı dəmir dirək basdırılmışdı. Trianqulyasiya adlanan bu məntəqə, çox güman ki, başqa zirvələrdə olduğu kimi, burada da vaxtilə geoloqlar tərəfindən hazırlanmışdı.

Kraterin ətrafında bir dəfə dövrə vurduq. Artıq qaranlıq düş­məyə başlamışdı. Hava bir az küləkli olsa da, bura gecələmək üçün münasib idi. Axşam yeməyindən sonra çadırımızı qurduq. Mümkün qədər optimal yer seçmişdik. Yerimiz narahat olsa da, nəhayət, yu­xuya gedə bildik.

Səhər 06:00 da yuxudan ayıldıq. Günəşin doğuşunu müşahidə etməyə başladıq. Səhər yeməyimizi yeyib çadırımızı və digər əşya­larımızı yığışdırdıq. Hazırlıqlarımızı sona çatdırıb gedəcəyimiz isti­qaməti müəyyənləşdirdik. Görüşünə getmək istədiyimiz növbəti tə­bii abidə Cingirdağ idi…

Beləliklə, yola düşdük. Əvvəlcə yarğanların üstü ilə Torağay­dan düşməyə başladıq. Bir azdan düzənliyə çıxdıq və şərqə  ̶ Cingirdağa doğru istiqamət götürdük. Marşrutumuzun bu his­səsində, demək olar ki, yarğana rast gəlmədik. Rahat və hamar rel­yeflə irəliləyirdik. İlan təhlükəsini nəzərə alıb diqqətimizi də artır­mışdıq. Yolumuzun üstündə böyük bir qoyun sürüsü və bir neçə ço­banla da rastlaşdıq.

Cingirdağa qədər 5 km yol qət etdik. Tirə şəklində olan dağın qərb ətəklərinə çatdıq. Cingirdağ şimaldan cənuba doğru 2 kilomet­rə qədər uzanır. Onun ən hündür nöqtəsi dağın şimalında yerləşir və dəniz səviyyəsindən 228 m yüksəklikdədir. Dağın ətək və yamacla­rına müxtəlif ölçüdə xeyli sayda qaya parçaları səpələnmişdir… Təəc­cüb doğuracaq maraqlı bir olaya da şahidlik etməli olduq: qaya par­çalarının bəzilərini döyəclədikdə onlar qaval kimi səs çıxarır­dılar. Daşlara diqqətlə baxdıq, onlar süngər daşı kimi məsaməli idi­lər. Səslərin də yaranma sirri məhz elə bununla bağlıdır. Unikal bir məkan! Əcdadlarımızın qədimdə musiqi aləti kimi istifadə etdikləri daşlar və yallı rəqsinin oynanıldığı tarixi bir ərazi…

Dağa qalxarkən yamacın meyilliyi çox olduğundan bir qədər çətinliyimiz də oldu. Tirəyə çatıb şimala tərəf irəlilədik. Dağın üs­tündə qum dənələrinin, balıqqulağı qırıntılarının olması diqqətimizi çəkdi. Bu, ərazinin vaxtilə dəniz altında qalmasını göstərən nişanə­lər idi.

Zirvəyə çatdanda saat 10 tamamı göstərirdi. Dincimizi ala-ala ətrafı seyr etməyə başladıq. Qərbdə Torağay, cənubda Kənizdağ, şərq tərəfdə isə Xəzər dənizi aydın görünürdü. Cingirdağın şimal-şərq ətəyində yerləşən Yazılı təpə adlı kiçik yüksəklik isə bizim so­nuncu baş çəkəcəyimiz coğrafi obyekt olmalı idi. Bunun üçün əv­vəlcə dağdan enməli idik. Şimal yamacda meyillik çox olduğundan düşə bilmədik. Tirə ilə cənuba doğru bir qədər geri qayıtdıq və dağın şərq yamacında münasib yer tapıb enməyə başladıq. Torpaq sü­rüşkən olduğundan ziqzaq şəklində manevr edə-edə aşağı düşməyə çalışırdıq. Ətəkdə yenə də iri qaya parçaları vardı. Enərkən onlara baxdıqca bizi vahimə bürüyürdü. Belə ki, özümüzü saxlaya bilmə­yib sürüşüb yıxılsaydıq mütləq qaya parçalarına çırpılası idik. Odur ki, olduqca ehtiyatla davranırdıq. Nəhayət, bir təhər düzənliyə düşə bildik.

İri daşların üzərində qədim əcdadlarımızın izlərini – qayaüstü təsvirləri axtara-axtara Yazılı təpəyə doğru hərəkət edirdik. Belə qayaların birinin yanında ilanla da qarşılaşdıq. Üzərindəki dəlikdə quş yuvası olan qayanın dibində pusquda durmuşdu. Bizi görən ki­mi özünü daşların altına verdi. Beləcə, yolumuza davam edərək Ya­zılı təpəyə çatdıq.

Bu kiçik təpənin dəniz səviyyəsindən hündürlüyü 40-45 m-dir. Dairə formasında olan təpənin diametri 200 m-ə çatır. Adını qayaların üzərindəki qədim tarixə malik rəsm təsvirlərindən alıb. Bu rəsmlərin tarixi on-on iki min il əvvələ aid edilir. Qayaların üzərində vaxtilə bu ərazilərdə yaşamış müxtəlif heyvan növlərinin – öküz, keçi, ceyran, at, şir, canavar, it və s. təsvirləri həkk olunmuşdur. Pet­roqlif adlanan bu rəsmlər Azərbaycan xalqının ən qədim dövrlərə aid tarixini öyrənmək baxımından çox qiymətli mənbələr hesab edilir. Qeyd edək ki, bu tapıntılar haqqında ilk məlumatı ərazilərin ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə vermişdir. 1966-cı ildə isə qayaüstü rəsmləri əhatə edən ərazilər qoruq elan olunmuşdur. Hazırda qayalar dövlət tərəfindən qorunur və Qobus­tan dövlət tarixi-bədii qoruğunun ərazisinə aiddir. Ümumilikdə isə Yazılı təpədən başqa Böyükdaş, Kiçikdaş, Şanqardağ, Şıxqaya və Çingirdağ da bu qoruğa daxildir.

Yazılı təpənin ətəyindəki iri bir qaya parçasının səthində “Üzərində şəkil, çuxur, dəlmə, yazı və damğa olan daşlar qədim Azərbaycan mədəniyyəti abidələridirlər. Onları qırmaq və xarab etmək qanunla qadağan edilmişdir. Azərb. SSR Elmlər Akademi­yası. 1990” yazısı var idi. Qayaların arasında dolaşa-dolaşa onların üzrərindəki heyvan təsvirlərini izlədik. Əksəriyyəti iri həcmdə olan bu qayaların bəzilərinin uzunluğu 8-10 m-ə çatır. Cingirdağda oldu­ğu kimi, burada da bəzi qayaların üzərinə kiçik daşla vurduğumuz zaman səslər çıxırdı. Qeyd edim ki, bəzi tədqiqatçıların fikrinə görə, qaval daşları dünyanın ilk musiqi alətlərindən hesab olunur. Təpənin üzərində yerləşən əsas qaval daşına yanaşıb yallı musiqi­sindən parçalar ifa etdik. Belə bir tarixi məkanda özümüzü antik dövrlərin insanlarına bənzətmək istəyinə düşmüşdük…

Bu slaydşou üçün JavaScript lazımdır.

Tarixə xəyali səyahətimiz maraqlı olsa da, onu sona çatdırmaq lazım idi. Yazılı təpədən ayrılıb yaxınlıqdan keçən asfalt örtüklü yola çıxdıq. Bu yol bizi Səngəçal qəsəbəsinə aparacaqdı…. 9 km-lik məsafə və heç bir nəqliyyat vasitəsi də gözə dəymir… İrəliləməyə başladıq. Yol boyu kölgələnəcək yer olmadığından, dayanıb dincəl­məyin mənası da yox idi. Günəş xeyli yüksəlmiş, havanın tempe­raturu kifayət qədər artmışdı. Əsas problemimiz su ilə bağlı idi. Çünki səhər tezdən axrıncı ehtiyat suyumuzu da içib qurtarmış­dıq. Susuzluq dözümümüzü yoxlamaq üçün əlimizə gözəl fürsət düş­müşdü.

Ceyrankeçməz çayının üstündəki körpünü keçəndən sonra ye­nə yolumuza davam etdik. Təxminən 2 saat da yol getdik. Yolun üstündəki Əzimkənd arxada qaldı, Səngəçala yaxınlaşırdıq. Nəha­yət, gec də olsa, yoldan keçən bir avtomobil köməyimizə çatdı. Qə­səbəyə qədər sonuncu 2 km-lik məsafəni onunla gələ bildik.

Səngəçala çatar-çatmaz dərhal özümüzü dükanlardan birinə saldıq. Su və bir qədər də yemək alıb özümüzü yaxınlıqdakı ağacın altına verdik. Beləliklə, təbii ehtiyaclarımız qismən də olsa ödənmiş oldu. Özümüzü səliqəyə saldıqdan sonra magistral yolun kənarına çıxdıq.

14:20-də artıq Ələt-Bakı marşrut avtobusuna minə bilmişdik. Beləliklə, 33 km-lik səyahətimizi də bax beləcə uğurla başa çatdıra bildik.

23-24 may 2015

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma